Prezident İlham Əliyev hesab edir ki, fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatı tarazlı idi.
“Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi”, - Əliyev Kürdəmir regional “ASAN xidmət” mərkəzinin könüllüləri ilə görüşdə bildirib.
Əliyevin çıxışının mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Prezident əlavə edib ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyət və əməkdaşlıq davam etdiriləcək. Eyni zamanda, Əliyev hesab edir ki, seçkilər zamanı pozuntular prosedur xarakteri daşıyıb.
Prezident qeyd edib ki, bu dəfə parlamentə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. “Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir?”, - o vurğulayıb.
Əliyev əlavə edib ki, seçki prosesi bütün demokratik meyarlara cavab verib. “Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”, - prezident deyib.
Seçkilərdə seçici fəallığı 47,81% təşkil edib.
Seçkilərin ilkin nəticələrinə görə, yeni parlamentdə 125 yerdən 72-ni hakim Yeni Azərbaycan Partiyası, 41 yeri müstəqil namizədlər, qalan yerləri isə digər partiyaların təmsilçiləri qazanıb. **
A.Əzizov