Azərbaycan “quş qripi” ilə bağlı 12 ölkədən quş və quşçuluq məhsullarının idxalına qadağa qoyub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli məlumat verib.
“12 ölkədə quş qripinin aşkarlanması ilə əlaqədar bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub. Bu ölkələr arasında Avropa ölkələri də var”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, koronavirusla əlaqədar Çindən Azərbaycana diri heyvanların, dəniz məhsullarının və ev quşlarının idxalına da qadağa qoyulub. Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün heyvanların, ət məhsullarının və heyvan mənşəli məhsulların idxalına qadağa qoyulub”, - deyə Q.Təhməzli qeyd edib.
O vurğulayıb ki, hazırda Azərbaycanın bütün icra orqanları tərəfindən koronavirusa qarşı profilaktik tədbirlər həyata keçirilir. Bu məsələ ölkə başçısının nəzarəti altındadır və Nazirlər Kabineti tərəfindən koordinasiya edilir.*
B.Rüstəmbəyov