Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı dörd seçki dairəsində səsvermənin nəticələrini ləğv edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
80 saylı İmişli-Beyləqan seçki dairəsində səsvermənin nəticələri ləğv edilib.
MSK-nın məlumatına görə, protokolların yoxlanılması zamanı müəyyən edilib ki, seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb.
Ekspert qrupu belə bir nəticəyə gəlib ki, seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməli və səsverməyə çıxarılmalıdır. Dairə üzrə seçkilər etibarsız hesab edilib.
Bu dairənin lider namizədi Çingiz Qənizadə idi.
MSK, həmçinin 35 saylı Xətai üçüncü seçki dairəsində səsvermənin nəticələrini ləğv edib. Dairənin 33 məntəqəsinin 30-da səsvermənin nəticələri etibarsız sayılıb. Bu dairənin lideri Rauf Arifoğlu idi.
Bundan başqa, MSK 31 saylı Xətai birinci seçki dairəsində səsvermənin nəticələrini etibarsız sayıb. Bu dairənin 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib. Sözügedən dairənin lider namizədi hakim partiyanın təmsilçisi Hüseynbala Mirələmov olub.
MSK 74 saylı Lənkəran kənd seçki dairəsində səsvermənin nəticələrini də ləğv edib. 27 məntəqədə pozuntular aşkarlanıb. Bu dairənin lider namizədi Hadı Rəcəbli olub.
MSK daha 12 dairədə (10, 15, 28, 45 saylı – Oqtay Əsədov liderlik edir, 50, 60, 67, 79, 92, 109, 124 və 125 saylı) pozuntularla bağlı şikayətlərin araşdırılması barədə qərar qəbul edib. Bu dairələr üzrə sənədlər dairə seçki komissiyalarına göndərilib.
Xatırladaq ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə seçici fəallığı 47,81% təşkil edib.
Seçkilərin ilkin nəticələrinə görə, yeni parlamentdə 125 yerdən 72-ni hakim Yeni Azərbaycan Partiyası, 41 yeri müstəqil namizədlər, qalan yerləri isə digər partiyaların təmsilçiləri qazanıb.*
X.Nəsirzadə, B.Rüstəmbəyov