Azərbaycan prezidenti İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
2018-ci il oktyabrın 30-da “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019–2030-cu illər üçün Tədbirlər Planı”nı təsdiq edilib.
Sənəd Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə təsdiq edilib.
Strategiyanın məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.
Strategiya, həmçinin mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, əmək bazarının inkişafına yönəlib.
Strategiyanın həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan hədəflər bunlardır: işsizlik səviyyəsini 2030-cu ilədək 4%-ə endirmək, iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80%-ə çatdırmaq, əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15%-ə endirmək, regional peşə tədrisi mərkəzlərinin sayını 2030-cu ilədək 10-a çatdırmaq. **
Ə.Məmmədov