“Unicapital” İnvestisiya Şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankından “Unibank” ASC-nin $5,8 milyon dəyərində istiqrazlarını almağı qərar verib. Bu barədə “İnterfaks-Azərbaycan”a “Unibank”dan məlumat verilir.
“Unicapital”ın AYİB-dən alacağı 580 ədəd istiqrazın hər birinin nominal dəyəri $10 min təşkil edir. Bu qərar çərçivəsində həmçinin “Unicapital” qeyd olunan istiqrazların satışının həyata keçirilməsi hüququnu əldə edib”, - bankdan qeyd olunub.
“Unicapital”ın Müşahidə Şurasının müşaviri Tahir Qəribov bildirib ki, bu sövdələşmə Unibank maliyyə qrupunun Azərbaycan bazarında etibarlı emitentlər tərəfindən investisiya alətlərinin sayını artırmaq istəyi ilə bağlıdır.
“Digər tərəfdən son vaxtlar Azərbaycanın kommersiya banklarında dollarda əmanət faizləri, habelə ABŞ dolları ilə olan investisiya alətlərinin məhdudluğu fiziki və hüquqi şəxslərin öz vəsaitlərini bu valyutada effektiv və etibarlı şəkildə yerləşdirmələrini çətinləşdirib. Öz strategiyasına əsasən Unibank, Azərbaycanın qiymətli kağızlar bazarında emitent və investor kimi fəal iştirak etməyi hədəfləyir. Hesab edirik ki, “Unicapital”ın qiymətli kağızlar bazarında fəallığını bir qədər də artırması, bazar iştirakçıları və investorlar üçün yeni imkanlar yaradacaq”, - bankın məlumatında Qəribovun sözlərindən sitat gətirilir.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında “Unibank” ASC AYİB-dən əldə etdiyi $10 mln. dəyərində istiqrazları yerləşdirib. Emissiya nominal qiyməti bir qiymətli kağız üçün $10 olan 1 min istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 6 il (2190 gün), gəlirlilik illik 6% təşkil edir.
“Unibank” ASC-nin törəməsi olan “Unicapital İnvestisiya şirkəti” ASC 2016-cı ilin yanvar ayında investisiya şirkləti olub. “Unicapital”ın nizamnamə kapitalı 300 min manat təşkil edir.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. AvropaYenidənqurma və İnkişaf Bankı (AYİB) onun səhmdarlarından biridir (9%).**
Ə.Məmmədov