OPEC+ çərçivəsində əməkdaşlıq davam etdirilməlidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, “OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir”, - Əliyev cümə günü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində“Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu günkü vəziyyətdə OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. “Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq”, - Əliyev bəyan edib.
O xatırladıb ki, Azərbaycan “OPEC+”un fəal üzvüdür. *
N.Abbasova