Trans-Adriatik qaz kəmərinin (TAP) tikinti layihəsi 2020-ci ilin sonunda başa çatacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir”, - Əliyev cümə günü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində“Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, fevralın sonunda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası keçiriləcək. İclas zamanı görülən işləri nəzərdən keçiriləcək və növbəti dövr üçün görüləcək işlər planlaşdırılacaq. “Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq”, - Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq.
Əliyev bildirib ki, CQD istifadəyə verilməklə Azərbaycan qazı bir sıra ölkələrin istehlakının təxminən 40%-ni təmin edəcək.
Həmçinin, Əliyev əlavə edib ki, Azərbaycan neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcək. “2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək”, - Azərbaycan prezidenti deyib. **
N.Abbasova, Anar Əzizov