Azərbaycan Qazaxıstanla əmtəə dövriyyəsinin artımına ümid edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev cümə günü Münxendə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə görüşü zamanı bildirib.
İki ölkənin liderləri ticarət-iqtisadi, nəqliyyat-logistika, energetika, kommunikasiya və ASK sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmsöhbətlər qeyd ediblər ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması qonşu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığının möhkəmlənməsinə yeni təkan verib. O cümlədən, söhbət zamanı regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər nəzərdən keçirilib.
“Hər şey çox uğurla gedir. Bizim birgə layihələrimiz çoxdur, onlar fəal həyata keçirilir. Buna görə də ümidvarıq ki, 2020-ci il də ölkələrimiz arasında münasibətlər üçün uğurlu olacaq. Biz əmtəə dövriyyəsini artırmağa çox ümid bəsləyirik. Düşünürəm ki, nəqliyyat, energetika, turizm sahələrində yaxşı imkanlar var. Ölkələrimizin vətəndaşları arasında fəal gediş-gəliş var. Bu, ölkələrimizdə turizmin inkişafı üçün çox yaxşı perspektivlər də yaradır”, - Əliyev deyib.
“Bizim tərəfimizdən ratifikasiya edilmiş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması son dövrün ən vacib hadisəsi olub. İnanıram ki, Xəzərdə gələcək əməkdaşlığımız bütün Xəzəryanı ölkələrə daha çox dividend gətirəcək”, - Əliyev bildirib.
“Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda Qazaxıstanın əsas tərəfdaşıdır. İki ölkə arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin çox yüksək səviyyəsinə nail olmuşuq.Xəzər dənizinin statusu haqqında müvafiq Konvensiya da Aktau şəhərində imzalanıb. Bu, Xəzərdə irimiqyaslı əməkdaşlığın təməlini qoyur və əlbəttə, bu əməkdaşlıq, mahiyyət etibarilə, strateji əməkdaşlıqdır”, - Qazaxıstan lideri bildirib.
Görüşün yekunlarına dair prezidentlər qarşılıqlı rəsmi səfərlər etməyə dəvət ediblər. **
N.Abbasova