Azərbaycan iqtisadiyyatı indi transformasiya dövrünü yaşayır və əsas prioritet iqtisadiyyatın şaxələndirilməsidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Münxendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan iqtisadiyyatı indi transformasiya dövrünü yaşayır və əsas prioritet iqtisadiyyatın şaxələndirilməsidir. Buna görə də biz indi sizinlə çox önəmli özünüməşğulluq layihəsi üzərində və digər layihələr üzərində işləyirik. Ümidvarıq ki, bu məhsuldar əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək”, - Əliyev görüş zamanı bildirib.
Öz növbəsində, Trotsenburq Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının donor ölkəsi olduğu üçün Əliyevə təşəkkürünü bildirib.
“Sizin 5 milyon dollar məbləğində töhfəniz çox yüksək qiymətləndirilmişdir. Siz də bildiyiniz kimi, əvvəllər Azərbaycan bizim güzəştli maliyyələşmə pəncərəsindən faydalanmışdır. Lakin ölkənizin timsalında siz artıq bu fazanı geridə qoymusunuz və ölkəniz yeni çağırışlarla üz-üzədir. Hesab edirik ki, gələcək əməkdaşlıq üçün xüsusilə Mərkəzi Asiya önəmli bir bölgədir”, - bankın icraçı direktoru qeyd edib. **
B.Rüstəmbəyov