Avropa İttifaqı və Azərbaycan Xəzər regionundan Avropaya qaz nəqlini nəzərdə tutan layihənin başa çatdırılmasına yaxındır. Bu barədə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç məlumat verib.
“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdüm. Enerji təhlükəsizliyinin yaxşılaşdırılması üzərində birlikdə gərgin işləmişik: Avropaya Xəzər qazının nəqli üzrə səylərimiz son mərhələdədir”, - Şefçoviç Twitter səhifəsində yazıb.
Azərbaycan qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində həyata keçiriləcək.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin ümumi dəyəri $38 milyard təşkil edir.
CQD 4 layihədən ibarətdir, bunun 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru kəmərinin(CQBK) genişləndirilməsi və TANAP – artıq başa çatıb. Layihənin son komponenti olan, 10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz kəmərinin tikintisi başa çatmaq mərhələsindədir. **
A.Əzizov