Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan ilə strateji tərəfdaşlığa dair yeni sazişi müzakirə edib.
“E.Məmmədyarov qeyd edib ki, sənəd ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
F.Hoqan Azərbaycan Respublikası ilə saziş layihəsinin ticarət bloku üzrə danışıqlarının intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin bu ilin iyun ayında keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılaraq tədbir zamanı paraflanmasını təklif edib.
E.Məmmədyarov Azərbaycan tərəfinin danışıqları konstruktiv, bərabərhüquqlu və hər iki tərəfin maraqlarına cavab verəcək şəkildə davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
“Tərəflər, həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfəsini yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizinin yekunlaşması və onun gələcəkdə digər layihələr vasitəsilə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.*
A.Əzizov