Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən “Aqrolizinq” ASC-də yoxlama aparılıb və ciddi maliyyə pozuntuları aşkarlanıb.
““Aqrolizinq” ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər fəaliyyət dövrünü əhatə edən yoxlama ilə ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərinin sifarişçilər tərəfindən ödənilmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib”, - deyə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Yoxlama zamanı bir sıra təchizatçı şirkətlərin öhdəlikləri və lizinq müqavilələri üzrə ödənilməmiş borclardan 14,3 milyon manat vəsaitin “Aqrolizinq” ASC-nin hesabına, 52,4 min manat vəsaitin isə dövlət büdcəsinə qaytarılması təmin edilib.
Həmçinin bəzi şirkətlərə göstərilmiş aqrotexniki xidmətlər üzrə 7,5 milyon manat dövlət vəsaitinin 2020-ci ilin sentyabr ayına qədər geri qaytarılması öhdəliyi üzrə təminedici tədbirlər həyata keçirilib.
“Bundan başqa, “Aqrolizinq” ASC üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11259,4 min manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilib”, - deyə məlumatda qeyd olunur.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
A.Əzizov