Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilir.
Nazirlər Kabinetinin qərarı ilə aksiz dərəcələrinin artırılması ilə bağlı qərar dərc edildiyi gündən 30 gün sonra, yəni 2020-ci il martın 19-dan etibarən qüvvəyə minir.
Qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb. Qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata qaldırılıb.
Denaturasiya olunmamış etil spirit və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata qaldırılıb. Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib. Aksiz dərəcəsi viski, rom və digər spirtli tinkturalar, cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb. Tərkibində spirtin miqdarı 9%-dən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.
Nazirlər Kabinetinin qərarına əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1 min ədədi üçün 20 manatdan 31 manata qaldırılıb, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1min ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.
Bundan əlavə, Nazirlər Kabineti spirtli içkilər və tütün məmulatları idxalçıları tərəfindən icbari tibbi sığorta fonduna ödənilən ayırmaların məbləğini təsdiq edib. Bu qərara əsasən, energetik içkilərin idxalından icbari tibbi sığorta fonduna ayırmalar hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,1 manatı, spirtli içkilərin idxalından - hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,2 manatı, tütün məmulatlarının idaxlından - müəyyən edilmiş aksiz dərəcəsinin 1,5 manatı təşkil edəcək. **
Ə.Məmmədov