2020-ci ilin yanvar ayında Azərbaycanda 335,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin göstəricisindən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 320,3 milyon manat məbləğində heyvandarlıq, 15 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 12,5% artıb.
Yanvar ayında respublikada 41,9 min ton ət (artım 2,9%), 154,8 min ton süd (artım 1,5%), 160,3 milyon ədəd yumurta (artım 11,2%) istehsal edilib.
İlkin məlumata görə, 2020-ci ilin məhsulu üçün 1 milyon 10,6 min hektar sahədə əkin işləri aparılıb, 641 min hektar sahədə buğda (63,4%), 369,3 min hektar sahədə arpa (36,5%), 0,3 min hektar sahədə çovdar (0,1%) əkilib.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 7,2% artıb.*
N.Abbasova