Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın üç ildə avtobus parkını tam yeniləməyi planlaşdırır. Bu barədə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.
“Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Bu günədək avtobus parkı 40% yenilənib. Hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq”, - deyə o, bu gün prezident İlham Əliyevlə görüşdə bildirib.
Sədr qeyd edib ki, keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Bizdə 2200 avtobusdan 600-ü artıq sıxılmış təbii qazla (STQ) fəaliyyət göstərir. Daşıyıcılara da göstəriş verilib ki, STQ ilə işləyən avtobuslar gətirsinlər.
V.Kərimli əlavə edib ki, bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur.
Onun sözlərinə görə, agentlik bu ilin IV rübündə qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcək. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir.
Sədr əlavə edib ki, BNA Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə qəsəbələrin yol infrastrukturuna dair layihələr hazırlayır.
“Bu il üçün daha bir yenilik müxtəlif yerlərdə avtobuslar üçün habların yaradılması olacaq. Keçən ilin sentyabr ayında “Koroğlu” habı açılıb. Biz qəsəbələrdə əsasən kiçik hablar yaratmaq istəyirik. Bu kiçik habları dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək”, - deyə V.Kərimli vurğulayıb.*
N.Abbasova