Azərbaycan və Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün $50 milyon məbləğində kreditin ayrılması ilə bağlı danışıqları başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakıdakı nümayəndəliyindən məlumat verilib.
“Kreditlə bağlı rəsmi danışıqlar fevralın 14-də başa çatıb. Layihənin ümumi dəyəri $70 milyon təşkil edir, bunun $50 milyonu DB, $20 milyonu isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq”, - deyə məlumatda bildirilir.
DB-nin Direktorlar Şurası martın 26-da keçiriləcək iclasda Azərbaycana kreditin ayrılmasını təsdiq edəcək.
DB-dən vurğulayıblar ki, kredit resursları bir neçə istiqamət üzrə istifadə olunacaq: ədliyyə xidmətlərinin göstərilmə səviyyəsinin yaxşılaşdırılması; institusional potensialın, effektivliyin, monitorinq və qiymətləndirmənin gücləndirilməsi; pilot əsaslarla qabaqcıl texnologiyaların tətbiqi; layihənin idarə olunması və əlaqələndirilməsi.
DB 2014-cü ilin iyul ayında “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. 30 iyun 2020-ci il tarixində başa çatacaq layihə çərçivəsində ədliyyə işçiləri üçün treninqlərin keçirilməsi, məhkəmələrin inzibati binalarının tikintisi, ədliyyə sahəsində xidmət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,4 milyard məbləğində kredit ayırıb.*
A.Əzizov