2020-ci ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 52,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 35,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalı 191,9 min ton (2019-cu ilin yanvar ayı ilə müqayisədə azalma 24%), tikinti əhəngi istehsalı 2 min ton (azalma 26,2%), sement, süni daş və ya betondan tikinti blokları və kərpic istehsalı 2,8 min ton (azalma 73,4%), tikinti gipsi istehsalı 0,4 min ton (azalma 5,5%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 631 ton (artım 20,6%) təşkil edib.
Bundan başqa, hesabat ayında yığma beton konstruksiya istehsalında 19,4% - 3,7 min kubmetrədək, asfalt istehsalında 76,6% - 8,8 min tonadək, tikinti kərpici istehsalında 8,3% - 37,2 min kubmetrədək, hazır beton qarışığı istehsalında 21,7% - 114,9 min tonadək artım qeydə alınıb.*
B.Rüstəmbəyov