Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu prezident İlham Əliyev deyib.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Buna görə də münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyə dövlət başçısı bu gün İtaliya prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
İ.Əliyev qeyd edib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli və məsuliyyətsiz bəyanatlarla çıxış edir.
Prezident Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib və münaqişə ilə bağlı rəsmi Bakının mövqeyini dəstəklədiyi üçün italiyalı həmkarına təşəkkür edib. “Bu gün biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. İtaliya və Azərbaycan ölkələrin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Münaqişə Helsinki Yekun Aktı və beynəlxalq hüquq prinsipləri əsasında həll olunmalıdır”, - deyə İ.Əliyev əlavə edib.*
A.Əzizov