Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində Bakı və Roma arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönələn 20-dən artıq sənəd imzalanacaq.
“Bu gün 20-dən artıq ikitərəfli sənədin imzalanması planlaşdırılır. Onların hər biri çox vacibdir və müxtəlif sahələri əhatə edir. Amma strateji əməkdaşlığın möhkəmlənməsi üzrə birgə bəyannaməni xüsusi olaraq qeyd etmək istərdim”, - Əliyev bu gün Romada İtaliya prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
Əliyevin sözlərinə görə, bu bəyannamə Azərbaycan-İtaliya strateji əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edir.
“Bu, siyasi, iqtisadi, mədəniyyət və humanitar əməkdaşlığı əhatə edən çox geniş və bütöv sənəddir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə dair maddə yer alıb”, - Əliyev bildirib.
Həmçinin, dövlət başçısı İtaliya ilə gələcəkdə iqtisadi əməkdaşlığın uğurlu olacağına əminlik ifadə edib. “Bundan sonra biz Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda fəaliyyət göstərən İtaliya şirkətlərini görəcəyik. Ticarət münasibətlərinə gəlincə isə İtaliya Azərbaycan üçün dünya miqyasında №1 tərəfdaşdır. Ötən il ticarət dövriyyəmiz $6 milyarda çatıb. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir, bu səbəbdən, aramızda ticarət münasibətlərinin şaxələndirilməsi üzrə fikir mübadiləsi baş tutub”, - Əliyev bildirib. **
B.Rüstəmbəyov