Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfər çərçivəsində bu respublikanın Nazirlər Şurasının sədri Cüzeppe Konte ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Əliyev görüş zamanı Konteni Azərbaycana səfərə dəvət edib.
Konte dəvəti qəbul etdiyini vurğulayıb.
“Görüşdə həmsöhbətlər Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd ediblər. “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının əhəmiyyəti qeyd olundu, bu sənədin əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağı vurğulandı. Azərbaycanın radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə aparıcı rolu, ölkəmizin dünyəvi ənənələri Konte tərəfindən yüksək qiymətləndirildi”, - məlumatda vurğulanır.
Söhbət zamanı ölkələrimizin enerji sahəsində uğurla əməkdaşlıq etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son mərhələsinə qədəm qoyduğu bildirildi.
“Bildirilib ki, İtaliya şirkətləri Azərbaycanda qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində çox fəal surətdə iştirak edirlər”, - məlumatda deyilir. **
X.Nəsirzadə