Prezident İlham Əliyev İranda baş vermiş zəlzələ nəticəsində Van vilayətində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
“Anadolu” agentliyinin bu gün yaydığı məlumata görə, İranda baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van vilayətində 3-ü uşaq olmaqla 7 nəfər həlak olub.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, 21 nəfər xəsarət alıb, 8 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, İranın şimal hissəsində Salmas şəhərindən 35 km şimal-qərbdə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.*
X.Nəsirzadə