Azərbaycan Dövlət Gömrük Komitəsi koronavirus təhlükəsi ilə əlaqədar İran ilə sərhəddə gömrük-sərhəd keçid məntəqələrində nəzarəti gücləndirib. Bu barədə “İnterfaks-Azərbaycan”a DGK-dən məlumat verilib.
Bildirilir ki, İranla keçid məntəqələri “bağlanmayıb, lakin burada xüsusi məzarət tədbirləri keçirilir”.
“İran İslam Respublikasından ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər”, - DGK-dan qeyd olunub.
Öncə məlumat verilib ki, Türkiyə hökuməti İranda koronavirsunun yayılması ilə əlaqədar bu ölkə ilə müvəqqəti sərhədi bağlamağı qərar alıb. Həmçinin, bildirilir ki, Gürcüstan İranla hava əlaqəsinə və İrandan Gürcüstana və geriyə fiziki şəxslərin yerdəyişməsinə məhdudiyyət qoyub.
İranda qeyd olunan virusdan 8 nəfər həyatını itirib. Bundan əlavə, daha 43 nəfərdə koronavirus aşkarlanıb, onlar müalicə keçir.
Beləliklə, hazlrda İran Covid-19-dan ölüm halları üzrə dünyada xəstəliyin episentri olan Çindən sonra ikinci yerdədir. **
Ə.Məmmədov