Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi irəliləyişin əldə olunmasına əngəl törədir. Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.
“Azərbaycan tərəfinin dünənki hərəkətlərindən son dərəcədə narahatıq. Hər kəsə yaxşı məlumdur ki, gərginlik risklərinin azaldılması danışıqlar paketində bizim üçün vacib elementdir. Gərginliyin artması danışıqlar prosesində real irəliləyiş əldə etməyə imkan verməyəcək”, - Mnatsakanyan bazar ertəsi İrəvanda Slovakiya XİN başçısı Stanislav Layçak ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər hansı gərginlik risklərinə imkan vermək olmaz.
Öncə Bakı və İrəvanın rəsmi nümayəndələri Azərbaycanla Ermənistan sərhədində silahlı insidentlərin baş verməsi barədə məlumat veriblər.
Azərbaycan Dövlət Sərhəd Xidməti bəyan edib ki “azərbaycanlı sərhədçilər 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısını alıblar”.
Qeyd olunur ki, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. “Əfsuslar olsun ki, düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər İbrahim Vəliyev şəhid olub”, - Azərbaycan DSX-nin Mətbuat Mərkəzi dəqiqləşdirib.
Öz tərəfindən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bəyan edir ki, ötən bazar günü Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub, yaralı var. **