Azərbaycanın İranla sərhəd rayonlarındakı tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
“İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astaradakı tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında infeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdədir. Eyni zamanda, sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır”, - deyə məlumatda bildirilir.
Bu tədbirlər Covid-19 virusunun İranda yayılması ilə əlaqədar görülüb.
Bundan başqa, Azərbaycan ərazisində koronavirusa yoluxma halı aşkarlanmayıb. “Bunu Dünya Səhiyyə Təşkilatı (DST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat DST-nin rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə