Azərbaycan əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmalıdır. “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov belə hesab edir.
“Mənim sırf şəxsi fikrim bundan ibarətdir ki, əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmaq vaxtıdır. Çünki biz tez-tez belə bir halla rastlaşırıq ki, prinsipcə, bankın seçilməsində həlledici rol oynamalı olan bank fəaliyyətinin effektiv modeli, səhmdarların strukturu, rahat xidmət və s. bu kimi amillər müştəri üçün böyük əhəmiyyət kəsb etmir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Sədrin sözlərinə görə, sığortalanmış maksimal məbləğin həcminə tədricən məhdudiyyət qoyulmalıdır.
“Məbləğin tam həcmdə kompensasiya edilməsi ilə əlaqədar devalvasiyadan sonra qəbul olunan qərarı mən, əhaliyə bank sisteminin dövlət tərəfindən dəstəklənməsinə zəmanət vermək üçün hökumətin icra etdiyi özünəməxsus sosial layihə adlandırardım. Müştəri hesab edir ki, istənilən halda, bütün vəsaitlər sığortalanıb və dövlət hər bir halda bu vəsaitləri qaytaracaq, buna görə də bank seçərkən yalnız əmanət məhsulunun yüksək qiymətinə əsaslanır. Düşünürəm ki, faiz dərəcəsinin daha da azaldılması və sığortalanmış maksimal məbləğin həcminə məhdudiyyət qoyulması düzgün addım olardı”, - deyə A.Həsənov vurğulayıb.
O hesab edir ki, müəyyən limitlərin qoyulması bankların özlərinə həm biznesdə, həm də öz üzərinə müəyyən risklər götürərkən daha məsuliyyətli olmasına və beləliklə də, onların daha rəqabətli olmasına kömək edə bilər.
2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADİF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 10%-dən, xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmır. Bu qaydalar 2020-ci il martın 1-dən qüvvədən düşəcək.
Anar Həsənovla müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış ola bilərsiniz.*
Ə.Məmmədov