“AccessBank” 2020-ci ilin yekunları üzrə xalis mənfəətə çıxmağı planlaşdırır. Bunu bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
“Təkrar kapitallaşdırma prosesini tamamladıqdan sonra yeni səhmdarlar, devalvasiya nəticəsində ziyan çəkmiş dollar kredit portfelinin sağlamlaşdırılması üçün müəyyən addımlar atıblar. Biz kredit portfeli üzrə ehtiyatları əhəmiyyətli dərəcədə artırmağa nail olmuşuq və beləliklə də, bankın aktivlərinin keyfiyyətinin mümkün pisləşməsi ilə əlaqədar itkilərin minimuma endirilməsini və kredit risklərinin daha effektiv şəkildə idarə olunmasını təmin etmişik. Kapitallaşma zamanı bankın planlaşdırılan illik itkilərinin əsas səbəbi də məhz bu cür mühafizəkar tədbirlərdir. Ötən ilin IV rübünü biz mənfəətlə başa vurmuşuq”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Sədrin sözlərinə görə, bu amil “AccessBank”a 2020-ci ilə əminliklə baxmağa kömək edir – bankın cari ili yüksək mənfəətlə başa vuracağı proqnozlaşdırılır.
“Hazırda bank öz fəaliyyətini, təkrar kapitallaşma nəzərə alınmaqla işlənib hazırlanmış dördillik biznes plana uyğun olaraq tam sürətlə həyata keçirir. Bizim əsas vəzifəmiz ili mənfəətlə başa vurmaqdır. Həmçinin kredit portfelinin təkmilləşdirilməsi üzrə də kifayət qədər böyük planlarımız var. Biz bu planları, ilk növbədə, daxili bazarda vəsaitlərin cəlb olunması hesabına həyata keçirmək niyyətindəyik. Biz müştərilərin “AccessBank”a etibar etdiyini və öz vəsaitlərini bizim bankda saxlamaq istədiklərini görürük. Düşünürəm ki, daxili resurslardan istifadə etməklə həmin vəsaitlərin düzgün yerləşdirilməsi ən sağlam kombinasiya və inkişaf modelidir”, - deyə A.Həsənov vurğulayıb.
O qeyd edib ki, bank 2020-ci ildə aqrar sahədə, orta və kiçik biznesdə aktiv fəaliyyətini davam etdirəcək. “Bununla əlaqədar olaraq, bu istiqamətdə öz aparıcı mövqeyimizi qoruyub saxlamaq üçün böyük işlər görürük. Biz, xüsusən, regionlarda effektiv filial şəbəkəsinə malikik. Regional filiallar aqrobiznesin inkişafını nümayiş etdirirlər və mənim fikrimcə, bu il biz regional səviyyədə əminliklə inkişaf edəcəyik”, - deyə sədr bildirib.
2019-cu ildə “AccessBank”ın xalis zərəri 89,7 milyon manat təkil edib ki, bu da kredit ehtiyatlarına böyük məbləğdə vəsaitin yönəldilməsi ilə bağlı olub. Ötən il mümkün itkilər üzrə ehtiyatların yaradılmasına 103,5 milyon manat yönəldilib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).
Anar Həsənovla müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış ola bilərsiniz.*
Ə.Məmmədov