Rəsmi Bakı Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasına görə məsuliyyəti Yerevanın üzərinə qoyub.
"Bu ilin 24 fevral tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgər İbrahim Vəliyev şəhid olub. Qeyd etmək istərdik ki, insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib", - deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi” təşəbbüslərinin əsl mahiyyətini açıq şəkildə göstərir.
XİN Azərbaycan əsgərinin qətlə yetirilməsinə görə məsuliyyəti Ermənistan tərəfinin üzərinə qoyub.
Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.
Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər İbrahim Vəliyev şəhid olub.*
A.Əzizov