Ermənistanın destruktiv hərəkətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə əsas əngəldir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ermənistanın destruktiv siyasəti Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl törədir. Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları danışıqlar prosesinə ciddi zərbədir. Onlar gah bəyan edirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Qarabağ müstəqil dövlətdir. Görünür, onlar özləri Qarabağın nə olduğunu bilmirlər. Əgər onlar bunu bilmirsə, biz deyə bilərik ki, Dağlıq Qarabağ – Azərbaycandır. Və Azərbaycanın ərazi bütövlüyünü bütün dünya bilriyi tanıyır”, - Əliyev çərşənbə axşamı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunlarına dair bəyan edib.
Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
“Türkiyə dünya arenasında Azərbaycana ən böyük dəstək göstərir və mən sizə öz minnətdarlığımı bildirirəm”, - Əliyev bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan öz növbəsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli Ankaranın ən böyük arzusudur. “Biz bu məsələdə Azərbaycana gələcəkdə də dəstək verəcəyik. Əfsuslar olsun ki, 25 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib”, - o bildirib.
Ərdoğan əlavə edib ki, Azərbaycan və Türkiyə terrorçuluqla mübarizə məsələlərində əməkdaşllığı, o cümlədən müdafiə məsələlərində qarşılıqlı əlaqələri davam etdirəcəklər. “Müdafiə sənayesi sahəsində əməkdaşlıq ölkələrimizin təhlükəsizliyinin ən güclü qarantı olacaq”, - Türkiyə prezidenti deyib. **
X.Nəsirzadə