Türkiyə Naxçıvana qaz nəql etməyi planlaşdırır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün biz Naxçıvandan Türkiyə sərhədinə qədər qaz kəmərinin çəkilməsi məsələsini müzakirə etdik. Digər tərəfdən, biz İğdırdan Naxçıvanla sərhədə qədər qaz kəməri çəkəcəyik. Beləliklə, təxminən 160 kilometrlik kəmər çəkiləcək”, - deyə o, fevralın 25-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunları üzrə bildirib.
R.T.Ərdoğan qeyd edib ki, bu, Naxçıvanın qaz təchizatını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
“Naxçıvan həm İrandan, həm də Türkiyədən qaz alacaq. Bu isə Naxçıvanın qazla təchizatını olduqca yaxşılaşdıracaq”, - deyə o əlavə edib.
Türkiyə prezidenti, həmçinin Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisinə dair razılaşma barədə məlumat verib. Onun sözlərinə görə, bu razılaşma Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvanın vəziyyətinin yaxşılaşmasına imkan verəcək.*
Ə.Məmmədov