Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş növbədənkınar parlament seçkilərinin ümumi yekunları haqqında protokolun təsdiq edilməsinə dair qərar qəbul edib.
Bu qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Milli Məclisə seçkilərlə əlaqədar seçki dairələrindən daxil olmuş bütün protokollar və digər sənədlər baxılaraq təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 10 gün ərzində növbədənkənar parlament seçkiləri ilə bağlı yekun qərar qəbul etməlidir.
Xatırladaq ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə seçici fəallığı 47,81% təşkil edib. Mərkəzi Seçki Komissiyası dörd seçki dairəsində səsvermənin nəticələrini ləğv edib.
Seçkilərin ilkin nəticələrinə görə, yeni parlamentdə 125 yerdən 72-ni hakim Yeni Azərbaycan Partiyası, 41 yeri müstəqil namizədlər, qalan yerləri isə digər partiyaların təmsilçiləri qazanıb.*
Ə.Məmmədov