Xocalı soyqırımına görə məsuliyyət daşıyan Ermənistanın yüksək vəzifəli rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Xocalı faciəsi Azərbaycan tarxzinin ən qanlı hadisəsidir. Bu qırğının təşkilatçı ölkəsi Ermənistandır və günahkarlar məsuliyyətə cəlb edilməlidir. Biz, dövlət, xalq olaraq buna şərait yaratmalıyıq”, - Xələfov jurnalistlərə bildirib.
Nazir müavini vurğulayıb ki, dünya birliyi bu faktı qəbul etməli və müvafiq tədbirlər görməlidir.
“Beynəlxalq yurisdiksiyanın təminatı məqsədilə bu məsələ ilə bağlı qərarın qəbulu üçün tribunal yaradılmalıdır”, - Xələfov qeyd edib.
Xocalı hadisələri Azərbaycan tarixində ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı nəticəsində Azərbaycana vurulan ziyan $170 mln.-dan artıq səviyyədə qiymətləndirilir. **
X.Nəsirzadə