Moskva Azərbaycandan gələn turistlər üçün ən populyar turizm istiqamətlərinin reytinqində birinci yerdədir. Bu barədə aviabiletlərin axtarışı servisi "Aviasales”in məlumatında deyilir.
"Aviasales.az saytının mütəxəssisləri araşdırma apararaq müəyyən ediblər ki, ən populyar turizm istiqamətlərinin üçlüyünə Rusiya, Türkiyə və Ukrayna daxildir. Xüsusilə Azərbaycandan hər dördüncü səyahətçi ildə bir dəfə Moskvaya uçur. Bu şəhərə bilet (hər iki istiqamətə) üçün orta hesabla 490 manat xərclənir. Populyarlığına görə ikinci yerdə İstanbul gəlir (bronlaşdırmanın 16%-i). Türkiyəyə biletlərin orta qiyməti 433 manatdır", - deyə “Aviasales”dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
2019-cu ildə azərbaycanlıların 7%-i Kiyevə səfər edib, Ukraynaya biletin qiyməti orta hesabla 415 manat təşkil edib.
Azərbaycanlıların 2%-i isə Xarkov, Minsk və Dubaya uçur.
Populyar istiqamətlərin ilk onluğunu Ankara bağlayır. Bu şəhərə azərbaycanlı turistlərin 1%-i gedir.*
N.Abbasova