Azərbaycan 2019-cu ildə Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27,3% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
2019-cu ilin dekabr ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 17,11%-i (926,86 milyon kubmetr) Azərbaycan qazının payına düşüb. 2018-ci ilin dekabr ayı ilə müqayisədə tədarükün həcmi 16,6% artıb.
Dekabr ayında Türkiyəyə 5 milyard 416,19 milyon kubmetr (2018-ci ilin dekabr ayı ilə müqayisədə azalma 10,5%) qaz ixrac edilib. 3 milyard 664,55 milyon kubmetr boru kəməri qazının (tədarükün 67,7%-i), 1 milyard 751,65 milyon kubmetr (32,3%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 milyard 527 milyon kubmetr qaz ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində tədarük olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova