Neft kəməri sistemi Azərbaycan neftinin Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Mozırsk NEZ-ə nəqlinə demək olar ki, hazırdır. Bu barədə "İnterfaks-Qərb" agentliyinə "Qomeltransneft Drujba" şirkətinin baş direktorunun birinci müavini - baş mühəndis Andrey Veriqo məlumat verib.
"Neft kəməri sistemi hazırdır. Qanunvericilik və gömrük bazası da tam həcmdə mövcuddur. Nəql mart ayında tankerlər gəldikdən sonra başlanacaq, boru işə hazırdır", - deyə o bildirib.
Ötən gün "Belneftexim"dən "İnterfaks-Qərb" agentliyinə verilən məlumata görə, Belarus konserni Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ, SOCAR) ilə ümumi həcmi 160 min ton olan iki neft tankerinin göndərilməsi haqqında müqavilə bağlayıb.
“Mart ayında Ukrayna ərazisindən Odessa-Brodı neft kəməri ilə neftin nəqlinə başlanılacaq. SOCAR ilə ümumi həcmi 160 min ton neft olan iki tankerin çatdırılmasına dair sövdələşməni təsdiq etdik”, - deyə konsernin mətbuat katibi Aleksandr Tişenko qeyd edib.
SOCAR “Belneftexim” konserninə 80 min tona yaxın Azərbaycan neftinin olduğu bir tanker partiyasının nəqli haqqında razılaşmanı təsdiq edib.
““Belneftexim”ə bir tankerin çatdırılması barədə razılaşma mövcuddur, ikinci partiya ilə bağlı danışıqlar aparılır. Azərbaycan neftini daşıyan tanker Supsa limanından göndəriləcək", - deyə ARDNŞ-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.*