İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hosseyn Xanzadi bəyan edib ki, Tehran müxtəlif taktiki səviyyələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə hərbi təlimlər keçirməyə hazırdır.
Bu barədə Xanzadi Azərbaycanın müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovla görüş zamanı bildirib. Bu barədə Mehr News məlumat verib.
İkitərəfli görüş zamanı Xanzadi bildirib ki, “bu gün İran dünyanın bir çox ölkələri ilə əməkdaşlıq üzrə komissiyaların birgə iclaslarını təsis edib və qonşu dövlətlər, hətta eksterritorial ölkələrlə keçirilən birgə komissiyaların sayı artmaqdadır”.
O vurğulayıb ki, Xəzər dənizinin təhlükəsizliyə ehtiyacı var və əlavə edib: “Bu təhlükəsizlik kollektiv şəkildə qorunmalı və inkişaf etdirilməlidir”.
Xanzadi qeyd edib ki, İran və Azərbaycanın Hərbi Dəniz Qüvvələri ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir və bu sahədə vacib olanlardan biri bu sahədə kursantların mübadiləsidir.
Öz növbəsində, Məmmədov bildirib ki, iki ölkənin Hərbi Dəniz Qüvvələri ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir və bunun üçün ölkəsi cari ildə Birgə Komissiyanın 3-cü iclasına qədər mühüm tədbirlər həyata keçirməyə hazırdır. **
A.Əzizov