Bu ilin may ayında Azərbaycanda hotellərin milli ulduz təsnifat sistemi istifadəyə veriləcək. Bu barədə Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam məlumat verib.
“Bu ilin mart ayında veb-sayt istifadəyə veriləcək. Hazırda isveçrəli mütəxəssislər auditorlarımız üçün təlimlər keçirlər. Həmçinin İSO beynəlxalq standartları ilə bağlı təlimlər də keçirilir", - deyə G.Sağlam “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, cari ilin may ayından etibarən hotellərdən ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna başlanılacaq.
Baş icraçı direktor qeyd edib ki, son 5 ildə Azərbaycanda beynəlxalq standartlara cavab verməyən çoxlu sayda hotel açılıb.
"Bundan əlavə, biz göstərilən xidmətlərin səviyyəsinə uyğun olmayan ulduzlaşma faktları ilə qarşılaşırıq", – deyə o vurğulayıb.
Assosiasiyanın rəhbəri, həmçinin qeyd edib ki, hotellərin milli ulduz təsnifat sistemi Avropa Hotellər Assosiasiyasının (HOTREC) sisteminə əsaslanır.
Avropa sistemindən istifadə turist axınının artmasına imkan verəcək, çünki turistlər ilk növbədə, hotelin təmizliyinə və təhlükəsizliyinə diqqət yetirirlər. Bundan əlavə, bu, hotellərə ulduzlaşma səviyyəsinə, eləcə də göstərilən xidmətlərin keyfiyyətinə uyğun olmaq üçün motivasiya olacaq.
Layihə çərçivəsində Assosiasiya hotelin düzgün idarə olunması, xidmət keyfiyyətinin müəyyənləşdirilməsi mövzusunda müxtəlif təlimlər, seminarlar və vebinarlar keçirməyi planlaşdırır.
G.Sağlam vurğulayıb ki, təsnifatın qüvvədə olma müddəti üç il təşkil edəcək və hər hotelin dəyəri ulduzların, otaqların sayından və dislokasiyadan asılı olacaq.
Ulduzların verilməsi tarifləri bu ilin aprel ayının sonunda təqdim olunacaq.
Baş icraçı direktor vurğulayıb ki, sistem Hotelstars Union hotelləri üçün vahid standartlar sisteminə uyğun işləyəcək, burada beynəlxalq təsnifatdan keçmiş hotellər haqqında məlumat veriləcək. Hazırda hotellərin TripAdvisor, booking.com, Airbnb saytları vasitəsilə inteqrasiyası istiqamətində iş aparılır.
O əlavə edib ki, bu sistem yalnız hotellər üçün nəzərdə tutulub, çünki bütün hotel strukturunu əhatə etmək üçün kifayət qədər vaxt tələb olunacaq.
“Hostellər və qonaq evləri üçün ayrıca layihə həyata keçiriləcək. Bu layihəyə bir ildən sonra başlamaq planlaşdırılır”, - deyə G.Sağlam əlavə edib.*
X.Nəsirzadə