Türk Hava Yolları fevralın 27-dən martın 14-dək İstanbul-Naxçıvan marşrutu üzrə uçuşları dayandırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Naxçıvanın koronavirusun yayıldığı İrana yaxınlığını nəzərə alaraq İstanbuldan Naxçıvana uçuşların dayandırılması barədə qərar qəbul etmişik. Uçuşlar həftədə 2 dəfə həyata keçirilirdi və 2020-ci il martın 14-dən elə bu qaydada da bərpa olunacaq”, - deyə məlumatda bildirilir.
Martın 14-dən İstanbul-Naxçıvan marşrutu üzrə reyslər çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bir istiqamətə biletin qiyməti (ekonom sinif) 265,21 dollardan başlayacaq.
Türk Hava Yollarının prezidenti İlker Aycı bu gün Türkiyə KİV-nə müsahibəsində bildirib ki, şirkət koronavirusun yayılması təhlükəsinə görə Seula uçuşların sayını azaldıb, Naxçıvana isə müvəqqəti dayandırıb.*