Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində 2 elektrik stansiyasının tikintisinə cari ilin sentyabr ayında başlanılacaq. Bu barədə energetika nazirinin müavini Samir Vəliyev məlumat verib.
Energetika Nazirliyinin məlumatına görə, S.Vəliyev bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Enerji və Təbii Sərvətlər Bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova ilə görüşüb.
Nazir müavini bildirib ki, bərpa olunan enerji üzrə “ACWA Power” və “Masdar” şirkətləri ilə həyata keçirilən pilot layihələri üzrə 7 işçi qrupu tərəfindən torpaq sahələrinin ayrılması, elektrik enerjisinin satınalınması, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması, layihələrin icrası ilə bağlı dövlət zəmanəti və digər müqavilələrin hazırlanması işləri görülür. Layihələr üçün torpaq sahələrinin ayrılması artıq yekunlaşmaq üzrədir. Sentyabrda isə tikinti fazasına başlamaq planlaşdırılır.
Onun sözlərinə görə, bərpa olunan enerji ilə bağlı yeni qanunun qəbulundan sonra yeni istehsal gücləri üzrə layihələr hərraca çıxarılacaq.
S.Vəliyev bu prosesdə AYİB ilə səmərəli əməkdaşlıq edildiyini bildirib.*
B.Rüstəmbəyov