Azərbaycan ərazisində yeni tip covid-19 koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində İranla sərhəddə səyyar hospitallar yaradır. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabineti yanında qərargahdan məlumat verilib.
“İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır”, - qərargahdan bildirilib.
İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər.
“Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər”, - qərargahdan vurğulanır.
Öncə məlumat verilib ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Həmçinin, Nazirlər Kabinetindən bildirilir ki, Azərbaycanda əhali arasında yoluxma halları aşkar edilməyib. **
X.Nəsirzadə