Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Bu barədə fondun məlumatında deyilir.
“2019-cu il dekabrın 31-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $43 milyard 323,28 milyon təşkil edib, bunun $0,6 milyonu Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə ARDNF-in investisiya portfeli $43 milyard 322,68 milyona bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 56,6% ABŞ dolları (2018-ci ilin sonuna 54,3%), 31,4% avro (2018-ci ilin sonuna 34,4%), 5,1% funt sterlinq (2018-ci ilin sonuna 4,6%), 0,6% Avstraliya dolları (2018-ci ilin sonuna 0,6%), 0,8% türk lirəsi (2018-ci ilin sonuna 0,8%), 0,8% rus rublu (2018-ci ilin sonuna 0,7%), 0,5% Cənubi Koreya vonu (2018-ci ilin sonuna 0,5%), 1,2% Çin yuanı (2018-ci ilin sonuna 1,3%), 1,5% yapon yeni (2018-ci ilin sonuna 1,5%), 1,5% digər valyutalarda (2018-ci ilin sonuna 1,3%) yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 33,8%-i Avropa ölkələrində (2018-ci ilin sonuna 37,05%), 24,91%-i Şimali Amerika ölkələrində (2018-ci ilin sonuna 23,1%), 33,76%-i Asiya-Sakit okean regionu ölkələrində (2018-ci ilin sonuna 28,71%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 68,7%-i istiqrazlarda və pul bazarı alətlərində, 14,1%-i səhmlərdə, 5,8%-i daşınmaz əmlakda, 11,4%-i qızılda (101,2 ton) yerləşdirilib.
2019-cu ildə ARDNF-in investisiya portfelinin gəlirliliyi 5,3%, səhm portfeli üzrə gəlirlilik 21,5%, istiqrazlar və pul bazarı alətləri üzrə gəlirlilik 3%, daşınmaz əmlak üzrə gəlirlilik 7,4% təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova