2020-ci ilin yanvar ayında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 1,4% - 15 milyard 513,6 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 306,9 milyon manat (ilin əvvəlindən artım 2,7% - İF) və ya bütün kreditlərin 8,4%-ni təşkil edir.
Fevralın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 533,2 milyon manat (azalma 1,1%) və ya bütün kreditlərin 16,3%-i, özəl banklar tərəfindən 12 milyard 583,2 milyon manat (artım 2%) və ya bütün kreditlərin 81,1%-i həcmində kredit verilib. Qalan 397,2 milyon manat (dəyişməyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
Fevralın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 7,4 milyon manat (artım 0,1%) milli valyuta, 5 milyard 506,2 milyon manat (artım 3,9%) xarici valyuta ilə verilib. Cari il fevralın əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 35,5 (2019-cu ilin sonuna 34,6%) təşkil edir.
2020-cu il fevralın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 426,9 milyon manat (bütün kreditlərin 15,6%-i) ticarət və xidmət sahələrinin, 629,4 milyon manat (4,1%) energetika, kimya və təbii sərvətlər sektorunun, 540,3 milyon manat (3,5%) kənd təsərrüfatı və emal sahələrinin, 466,6 milyon manat (3%) tikinti və daşınmaz əmlak sahələrinin, 872,6 milyon manat (5,7%) sənaye və istehsal sektorunun, 1 milyard 138,5 milyon manat (7,3%) nəqliyyat və rabitə sahələrinin, 7 milyard 5 milyon manat (45,2%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 0,4% artıb.**
Ə.Məmmədov