2020-ci ilin yanvar ayında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 0,6% - 8 milyard 588,5 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 2,6% - 4 milyard 388,6 milyon manatadək və ya bütün əmanətlərin 51,1%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib).
Yanvarda əhalinin milli valyutada əmanətlərinin həcmi 1,6% - 4 milyard 199,9 milyon manatadək (bütün əmanətlərin 48,9%-i) artıb.
31 yanvar 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 165,4 milyon manat, qeyri-rezidentlərin – 423,1 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 0,5%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,6% azalıb.
Fevralın 1-nə banklarda əmanət və depozitlərin həcmi 24 milyard 837,1 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 0,4% çoxdur.**
Ə.Məmmədov