"Azərbaycan Hava Yolları" QSC (AZAL) İranla hava əlaqəsinə məhudiyyət tətbiq etmək barədə qərar qəbul edib. Bu barədə AZAL-dan məlumat verilir.
“Mövcud epidemioloji vəziyyətlə əlaqədar AZAL İrana və İrandan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.Fevralın 29-dan "Buta Airways"inTehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq”, - məlumatda deyilir.
AZAL-dan bildirilir ki, yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi - callcenter@butaairways.az ilə əlaqə saxlaya bilər.
Məlumat verilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüb.
Bundan başqa, “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən verilən məlumata əsasən, İranla sərhədin 2 həftə müddətinə məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral tarixindən saat 16:00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub. İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək”, - Nazirlər Kabinetində qeyd ediblər. **
Ə.Məmmədov