Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bu ilin mart ayında Çinə planlaşdırılan ixrac missiyalarını təxirə salıb. Bu barədə fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.
“2020-ci ildə biz Avropaya və Asiya ölkələrinə ixrac missiyaları planlaşdırmışıq. Xüsusilə Xorvatiya, Latviya və Rusiyaya missiyaların təşkili planlaşdırılır. Bundan başqa, fevral-mart aylarında Çinə ixrac missiyası həyata keçirilməli idi, lakin bu ölkədə yayılmış koronavirusla əlaqədar missiya təxirə salınıb”, - deyə Y.Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin may ayında Çində keçiriləcək sərgidə iştirakı da sual altındadır. Çin tərəfi o vaxta qədər sərginin keçirilib-keçirilməyəcəyi barədə hələ qərar verməyib”, - deyə Y.Abdullayev əlavə edib.*