2020-ci ilin əvvəlindən Ceyhan terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilmiş 40 milyon 893,915 min barel neft göndərilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BOTAS International Limited Company”dən (BIL – BTC-nin Türkiyə hissəsinin operatoru) məlumat verilib.
“2020-ci ilin əvvəlindən və martın 2-nə olan vəziyyətə görə, Ceyhan terminalından BTC ilə nəql edilmiş 40 milyon 893,915 min barel neft göndərilib. BTC neft kəmərinin istismara verildiyi 2006-ci il iyunun 4-dən etibarən bütün dövr ərzində Ceyhan terminalından dünya bazarlarına 3 milyard 401 milyon 142,138 min barel neft göndərilib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-fevral aylarında Ceyhan terminalından BTC ilə nəql olunmuş 54 neft tankeri yola salınıb.
Terminalın istismara verildiyi dövrdən etibarən 4,435 min tanker yola salınıb.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova