Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək. Bu barədə nazirliyn mətbuat xidməti məlumat verir.
“Nazir Şahbazov OPEC-dən müvafiq dəvət alıb və OPEC+ ölkələrinin nazirlərinin görüşündə iştirak məqsədilə Vyanaya yola düşəcək”, - nazirlikdən vurğulanır.
Məlumata əsasən, iclas çərçivəsində qlobal neft bazarlarında vəziyyət müzakirə olunacaq.
OPEC+ ölkələrinin plana əsasən görüşü 5-6 mart tarixlərində Vyanada keçiriləcək.
OPEC-in baş katibi Məhəmməd Barkindo öncə bəyan edib ki, OPEC+ ölkələri neft bazarını stabillədirməyə imkan yaradacaq razılığın əldə olunmasına “yenidən hazırlıq” nümayiş etdirirlər.
Xəbər verildiyi kimi, fevralın əvvəlində OPEC+un Texniki Komitəsi mart ayında vaxtı bitən 2018-ci ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatının 1,7 milyon barrel azalmasına dair cari razılığı bir il müddətinə uzatmağı, eyni zamanda, cari ilin ikinci rübündə bu azalmanı gündəlik daha 600 min barrel dərinləşdirməyi təklif edib.
Ötən həftə neftin qiyməti qlobal iqtisadi artımı kəskin zəiflədə biləcək koronavirusun yayılması nəticəsində dünyada neftə tələbatın kəskin azalması təhlükəsi ilə bağlı 13 aydan artıq müddət ərzində minimum həddə düşüb. **
N.Abbasova