2020-ci ilin payızında Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Komissiyanın növbəti keçiriləcək. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
“Maliyyə naziri Samir Şərifov Vaşinqtonda ABŞ-ın dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini və Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ABŞ tərəfindən həmsədri Peter Xaas ilə də görüşüb. Görüşdə Hökumətlərarası Komissiyanın payızda Vaşinqtonda növbəti iclasının keçirilməsi və iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib”, - nazilriyin məlumatında deyilir.
ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyası hər iki ölkənin hökumətləri arasında imzalanmış müvafiq memorandum əsasında yaradılıb. Komissiyanın birinci iclası 2007-ci il fevralın 7-də Bakıda keçirilib. Komissiyanın sonuncu iclası 2019-cu ilin may ayında Bakı şəhərində keçirilib.
Xəbər verildiyi kimi, Amerika şirkətləri Azərbaycan iqtisadiyyatına $13 mlrd.-dan artıq investisiya yatırıb, Azərbaycanın Amerika iqtisadiyyatına portfel investisiyaları isə $8 mlrd.-ı keçib. **
A.Əzizov