Genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin senarisinə əsasən vəzifəli şəxslərin məruzələrini dinləyib. Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb”, – deyə məlumatda bildirilir.
Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusu martın 2-də genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb.
Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla, qoşunların vaxtında və hərtərəfli, o cümlədən informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək.
Təlimlər martın 6-dək davam edəcək.*
X.Nəsirzadə