Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta portfelinin strukturu 2020-ci ildə ehtiyatların artacağını proqnozlaşdırmağa imkan verir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə hesab edir.
“Bu ilin ilk iki ayında Neft Fondunun aktivləri çoxalıb. Hazırda fondun portfelinin 56,6 faizini ABŞ dolları, 31,4 faizini avro və 5,1 faizini ingilis funt sterlinqi təşkil edir. Çin yuanının portfeldəki xüsusi çəkisi 1 faizə belə çatmır. ABŞ dollarının 2020-ci ildə digər valyutalara qarşı tədrici bahalaşması proqnozlaşdırılır. Beləliklə, ARDNF-in portfelinin valyuta quruluşu əlverişlidir. Keçən il valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına fondun büdcədənkənar gəliri 732 milyon manat təşkil edib”, – deyə V.Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətinə müsahibəsində bildirib.
O hesab edir ki, Neft Fondunun portfelinin valyuta strukturu çox ehtiyatlıdır və indiki şoklara qarşı adekvatdır.
31 dekabr 2019-cu il tarixinə ARDNF-in aktivləri $43 milyard 323,28 milyon, investisiya portfeli isə $43 milyard 322,68 milyon təşkil edib.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 56,6% ABŞ dolları (2018-ci ilin sonuna 54,3%), 31,4% avro (2018-ci ilin sonuna 34,4%), 5,1% funt sterlinq (2018-ci ilin sonuna 4,6%), 0,6% Avstraliya dolları (2018-ci ilin sonuna 0,6%), 0,8% türk lirəsi (2018-ci ilin sonuna 0,8%), 0,8% rus rublu (2018-ci ilin sonuna 0,7%), 0,5% Cənubi Koreya vonu (2018-ci ilin sonuna 0,5%), 1,2% Çin yuanı (2018-ci ilin sonuna 1,3%), 1,5% yapon yeni (2018-ci ilin sonuna 1,5%), 1,5% digər valyutalarda (2018-ci ilin sonuna 1,3%) yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
Ə.Məmmədov