Azərbaycan prezidenti İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər üçün SOCAR şirkətinə (ARDNŞ) 8,19 milyon manat (cari məzənnə ilə $4,8 milyon) ayırmağı tapşırıb.
Prezident çərşənbə axşamı müvafiq sərəncam imzalayıb.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Sərəncam çərçivəsində 7 kənd və Şəmkir şəhərində iki yeni massiv qazlaşdırılacaq.
Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96% təşkil edir.
Prezident İlham Əliyev deyib ki, 2020-ci ildə SOCAR şirkətinə Azərbaycanda qazlaşdırma işlərinin həyata keçirilməsi üçün büdcədən 130 milyon manat ayrılacaq.
Xəbər verildiyi kimi, 2019-cu ildə regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən SOCAR-a 53,5 milyon manat ayrılıb. **
N.Abbasova